İstirahət üçün 20 günlük İsmayıllı rayonunun Lahıc kəndinə getmişdik. Qalmaq üçün tutduğumuz evin qonşuluğunda isə şairə bir qadın - Gülxar Cəbiqızı yaşayırmış, sən demə.. Bu qadın məni kənardan izləyir, hərəkətlərimə diqqət yetirirmiş.. Belə ki, bir gün mənə 3 bənd şeir yazıb göndərdi.. Mən isə o vaxta qədər elə-belə cızma-qara yazdığım yazılar olurdu, amma mütləq şeir yazmalıyam deyib oturub nəsə yazmamışdım.. Amma həmin gün oturub həmin şeirə 3 bənd cavab yazdım.. Artıq 6 ildən çox vaxt keçir o xoş təsadüfdən.. İndi isə o şeiri sizinlə paylaşıram..
~~
G.Cəbiqızı:
Gəzirsən xəyallı, dərin duyğulu.
Sanki fikirlərin yorğun, yuxulu,
Elə davranırsan; möhtərəm, ulu,
Səni düşündürən nəymiş beləcə?..
~~
Z.E.Ağazadə:
Xəyala dalanın duyğusu dərin,
Fikirsiz insanlar tapılar çətin,
Çox da yüngül olsan, olmaz hörmətin,
Elə deyildirmi, deyirəm sizcə?
Sizi düşündürən, budurmu bircə?
G.Cəbiqızı:
Bu yaşda həsrətmi haqlayıb səni?..
Qəlbini intizar talayıb sənin,
İçində qəm odu qalanıb sənin,
Səni düşündürən nəymiş beləcə?..
~~
Z.E.Ağazadə:
Çox həsrət çəkmişəm, göz yolda qalıb,
Yaşamaq həvəsim, gücüm azalıb,
Bu ürək hər dərdi içinə salıb,
Çəkir aram-aram, çəkir gizlicə,
Sizi düşündürən, budurmu bircə?
~~
G.Cəbiqızı:
Qızdır günəş təki körpə könlünü,
Bitir eşq bağında sevda gülünü,
Hissinin sevincə döndər yolunu,
Dəysin ağrıların daşa, balaca..
Səni düşündürən nəymiş beləcə?..
~~
Z.E.Ağazadə:
İnşallah, bu könlüm oyanar bir gün,
Oyanar həm eşqim, həm ruhum bütün.
Heç kəs poza bilməz ilahi hökmün,
Olub və olacaq yəqin beləcə,
Sizi düşündürən, budurmu bircə?
ZAMIR ALLAH SENE UREYINE GORE VERSIN!WEIRLERIN COX FERQLIDI!
YanıtlaSil