Pages

Bəxtin ögeyiyəm - əlimi tutmur


Təkcənəm, birdənəm, birim, hardasan?

Bilmirsən, darıxır,
darıxır necə;
darıxır səninçün biri hardasa...
Yaralar incidir, sanki içincə -
göynəyir qəlbimdə yerin, hardasan?

Bəxtin ögeyiyəm - əlimi tutmur,
vüsal çox uzaqdır, dilimə yatmır.
Mən sənə çatmıram, sənə mən çatmır,
yarım qalmışam mən, yarım, hardasan?

Qəlbinin ağrısı nədir, bilmirəm,
Bilirəm: 
çətinəm, bir az dərd-sərəm.
Soyutmur ayrılıq, bəlkə öldürə?!
Soyuldum mən səndən, dərim, hardasan?

Saçından ayrılan yol harda bitir?
- gəlim, mən qürursuz – hər şeyə xətir.
Sənə inanırdım, inancım itir,
Başına döndüyüm – pirim, hardasan?

Təkcənəm, birdənəm, birim, hardasan?

02.2023

Hiç yorum yok:

Yorum Gönder

*Lütfən, sadəcə yazı ilə əlaqəli rəy bildirin.
*Sualınız olsa, e-mail ünvanımıza yazın: zmr@lenta.ru